Sitomeqalovirus infeksiyası və hamiləlik
Sitomeqalovirus infeksiyası nədir?
Birincili sitomeqalovirus infeksiyası hamilələrin 0.7-4%-də qeyd olunur. İnfeksiyanın anadan dölə ötürülməsi orta hesabla 40% təşkil edir. Törədici herpes virus ailəsinin DNT tərkibli virusudur. Qan, tüpürcək, sidik, likvor, uşaqlıq yolu möhtəviyyatı, sperma, amniotik maye, ana südü vasitəsi ilə yoluxur. 43-53% hallarda Sitomeqalovirus mənbəyi bir neçə il ərzində sidik və tüpürcəklə virus ifraz edən infeksiyalı uşaqlardır. İnfeksiyaya yoluxmuş 6 yaşa qədər uşaqların tüpürcək və sidikləri daha təhlükəlidir.
Sitomeqalovirus xəstəliyinin ötürülmə yolları
- Cinsi yol
- İnfeksiyalı qanın köçürülməsi
- Vertikal transmissiya: antenatal (transplasentar), intranatal (doğuş yollarından), postnatal (ana südü vasitəsilə)
- Hava-damcı yolu ilə
- Kontakt yolu ilə
- Klinik mənzərə
Sitomeqalovirus infeksiyası anadangəlmə və qazanılmış ola bilər. Birincili infeksiya, adətən, az simptomalu və ya simptomsuz olur. Latent və subklinik formalı Sitomeqalovirus infeksiyası zamanı qeyri-spesifik qripəbənzər əlamətlər müşahidə olunur. Qazanılmış Sitomeqalovirus infeksiyası MSS-ni zədələmir və bir çox hallarda qızdırma, kataral əlamətlər, faringit, poliartrit, boyun və çənəaltı limfa düyünlərinin böyüməsi, qulaqdibi tüpürcək vəzilərini ödemi və ağrılı olması, hepatosplenomeqaliya ilə müşayiət olunur.
Yenidoğulmuşlarda anadangəlmə Sitomeqalovirus infeksiyası üçün sarılıq, hemorragik pupura, hepatoslenomeqaliya, xorioritinit, tənəffüs orqanlarının və MSS-nin zədələnməsi səciyyəvidir.
Sitomeqalovirus infeksiyasının hamiləliyin gedişinə və dölün sağlamlığına təsiri
Sitomeqalovirusun klinik təzahürləri yoluxmuş yenidoğulmuşların 9%-də müşahidə olunur. Orqanizmin immunçatışmazlıq vəziyyətlərində və fizioloji cəhətdən yetkinləşməmiş yenidoğulmuşlar üçün infeksiya təhlükəli ola bilər. Yoluxma hamiləlik zamanı baş verərsə, dölün zədələnməsi hestasiya müddətindən asılıdır. Hamiləliyin özbaşına pozulması mümkündür.
Diaqnostika
Anada birincili Sitomeqalovirus infeksiyası diaqnozu qoyuylması aşağıdakılara əsaslana bilər:
- Hamiləlikdən öncə seroneqativ olan qadının qan zərdabında virus spesifik IgG anticisimlərin aşkarlanması
- Qan zərdabında IgG-nin avidlik aşağı olmaqla bərabər spesifik IgM anticismlərin aşkarlanması
Uşaq serebral iflicinin səbəbinin bir çox hallarda anadangəlmə Sitomeqalovirus infeksiyası olduğunu nəzərə alaraq antenatal dövrdə USM zamanı aşağıdakı sonoqrafik əlamətlər kompleksinə diqqət yetirmək tövsiyyə olunur:
- Serebral ventrikulomeqaliya
- Mikrasefaliya
- Beyindaxili kalsifikatlar
- Assit və dölün plevra boşluğunda maye
- Dölün ödemi
- Oliqo və ya polihidroamnion
- Ciftdə hiperexogen əlavələr
- Qaraciyərdə kalsifikatlar
Hamilə qadında qripəbənzər simptomlar qeyd olunduqda anadangəlmə SMV infeksiyasının aşkarlanması məqsədi ilə USM tövsüyə olunur.
Sitomeqalovirus necə müalicə olunur?
Hal-hazırda infeksiyanın effektiv müalicə metodu mövcud deyil. Döşlə əmizdirmə və təbii doğuşa əks göstəriş yoxdur.