Polip nədir?
Poliplər endometriumdan (uşaqlığın daxili səthi) inkişaf edib uşaqlıq boşluğuna doğru uzanan patoloji törəmədir. Onlar endometriumun hər hansı bir nahiyyəsinin normadan artıq böyüməsi sayəsində əmələ gəlirlər. Poliplər tək və ya çoxsaylı olmaqla uşaqlıq boşluğunun müxtəlif nahiyyələrində yerləşə bilər. Ən çox uşaqlıq dibi və boru uclarında yerləşirlər. Ölçüsü bir neçə mm-dən bir neçə sm-ə qədər olur. Poliplər ya incə ayaqcıq, ya da qalın əsasla endometriuma bağlanır. Bəzən isə ayaqcıq o qədər uzun olur ki, polip boşluqdan uşaqlıq yoluna sallanır. Poliplər qadınlarda hər yaş dövründə əmələ gələ bilir, ancaq daha çox 40-50 yaş aralığı qadınlarda rastlanılır.
Polipin əlamətləri
Poliplərin ən əsas klinik əlamətləri menstruasiya pozğunluğunun əmələ gəlməsidir. Menstural pozğunluqlar özünü müxtəlif şəkildə göstərir. Belə ki, bu zaman menstruasiyanın tez-tez və düzənsiz olması, menstruasiya arası dövrdə qanaxmaların olması kimi əlamətlər ortaya çıxır. Bunlardan əlavə sonsuzluq, menopauzada olan qadınlarda uşaqlıq qanaxması, polipin böyük ölçüsündə sancışəkilli ağrı əlamətləri də meydana çıxa bilər.
Polipin yaranma səbəbləri
Poliplərin yaranma səbəbləri tam məlum olmasa da, onların inkişafında hormonal fonun pozğunluqlarının müəyyən qədər rolu vardır. Burada əsasən estrogen hormonunun aktivliyi mühüm rol oynayır. Bundan başqa süd vəzi xərçənginin müalicəsində istifadə olunan tamoksifen preparatı da uşaqlıq daxili polipə səbəb ola bilər.
Polipin diaqnostikası
Polipin diaqnozunu qoymaq üçün bir sıra müayinə üsullarından istifadə olunur. Bunladan ən sadəsi və ən çox istifadə olunanı ultrasəs (USM) müayinəsidir. Ancaq bəzi hallarda USM müayinəsində də yalnışlıq ola bilir. Bu zaman diaqnozu dəqiqləşdirmək üçün sulu ultrasəs (histerosonoqrafiya) müayinəsi metodundan istifadə olunur. Polipin dəqiqləşdirilməsinin ən dəqiq müayinə üsulu isə histeroskopiya üsuludur.
Polipin müalicəsi
Histeroskopiya həm diaqnostik, həm də cərrahiyyə məqsədi ilə istifadə olunur. Histeroskopiya vastəsilə uşaqlıq boşluğunu monitorda görmək və eyni vaxtda histeroskop vastəsilə aşkarlanan polipi xaric etmək mümkündür. Uşaqlıq boşluğu polipini xaric etmənin daha bir üsulu isə uşaqlıq boşluğunun küretajı əməliyyatıdır. Uşaqlıq boşluğunun polipinin xarıc edilməsi hansı üsulla aparılmasından asılı olmayaraq xarıc edilmiş materialın patohistoloji müayinəyə göndərilməlidir.
Proflaktikası
İltihabi dəyşikliklər və hormonal pozğunluqların vaxtında aşkarlanması və uyğun müalicəsi məsləhətdir.
Servikal polip nədir?
Buna endoservikal polip də deyilir. Serviks içərisində yeni toxumaların inkişafıdır. Serviks uşaqlığın vaginaya açıldığı boyun bölgəsidir. Hər yaşdakı qadında servikal polip inkişaf edə bilər. Polipdən nadir hallarda xərçəng inkişaf edir. Polip xaric edildikdən sonra yaxşı ya da pis xasiyyətli olub-olmadığını anlamaq üçün patoloji araşdırması edilməlidir. Poliplərin əmələ gəlmə səbəbi bilinmir. Nadir hallarda xərçənglə əlaqədar ola bilər.
Əksəriyyətlə poliplər əlamət vermir. Bəzən qanamaya səbəb ola bilir. Xüsusiylədə cinsi əlaqə sonrası qanama olur. Bir çox polip təkrarlanan müayinə əsnasında müəyyən olunur. Polipin xarakterini anlamaq üçün mütləq alınaraq patoloji olaraq araşdırılmalıdır. Polipin müalicəsi onun çıxarılmasıdır. Polipin xaric olunması hamilə qalmanıza maneə törətməz. Polip müalicəsindən sonra hər il nizamlı olaraq ginekoloji müayinə olmalısınız. Polip təkrar edə bilər, bu vəziyyətdə təkrar alınaraq müalicə edilir.