Toksoplazmoz və hamiləlik

Toksoplazmoz haqqinda melumat

Toksoplazmoz müxtəlif klinik təzahürlərlə səciyyələnən və dəqiq simptomları olmayan parazitar xəstəlikdir. Hamiləlik zamanı birincili infeksiya nəticəsində dölün anadangəlmə infeksiyası riski 20-50% arasında tərəddüd edir. Törədici Toksoplazma gondii ibtidailərə aiddir.

Toksoplazmoz hansı yollarla ötürülür?

Alimentar – kifayət qədər bişirilməmiş ət (30-63%), yuyulmamış meyvə-tərəvəz, torpaqla təmas (6-17%), xəstə pişiklərin nəcisində olan oositlərlə çirklənmiş su və torpaq. Yalnız hamiləlik zamanı birincili infeksiya hallarında Toksoplazma gondii anadan dölə yoluxa bilər.

Toksoplazmoz haqqinda

Toksoplazmoz üçün klinik mənzərə necədir?

Anadangəlmə və qazanılmış toksoplazmoz ayırd edilir. Hamiləlik zamanı yalnız birincili toksoplazmoz əhəmiyyət kəsb edir. Birincili toksoplazmoz  əsasən simptomsuz keçir, nadir hallarda qeyri-spesifik qripəbənzər əlamətlər müşahidə olunur. Birincili infeksiya epizodundan sonra parazit orqanizmdə latent sistlər şəklində qalır. Anadangəlmə toksoplazmozlu uşaq üçün aşağıdakı simptomlar triadası xasdır:

  • Kəllədaxili kalsifikatlar (15%)
  • Xorioretinit (15%)
  • Hidrosefaliya (yalnız 5%)

Hamiləlik zamanı toksoplazmozun törədicisi cift vasitəsilə keçərək dölün bətndaxili ölümünə, bətndaxili inkişafının ləngiməsinə, əqli inkişafının ləngiməsinə, eşitmə qüsurlarına və korluğa səbəb olur. Sarılıq, trombositopeniya, spastik parezlər, mərkəzi iflic, epileptik tutmalar, gözün xorioretinitindən tutmuş, mikroftalmiya və göz almasının olmaması kimi kobud üzvi pozulmalarla müşahidə oluna bilər.

Toksoplazmoz nedir

Toksoplazmozun hamiləliyin gedişatına və dölün sağlamlığına təsiri

Hamiləlikdən əvvəl toksoplazmoza yoluxan qadınlarda törədicinin dölə ötürülməsi sübut olunmayıb. Bu immun sistemin dölü yoluxmadan mühafizə etməsi ilə izah olunur. Anadangəlmə toksoplazmozun təhlükəsi və onun ağırlıq dərəcəsi hamilənin yoluxma vaxtından asılıdır: erkən yoluxma zamanı xəstələnmə riski aşağı olur, lakin onun əlamətləri daha qabarıq biruzə verir. Birirncili yoluxma təhlükəsi hestasiya müddətinin artması ilə yüksəlir.

Diaqnostika

Toksoplazmozun diaqnostikası seroloji müaayinəyə əsaslanır.

  • Hamiləliyin I trimestrində IgM(-), IgG(-) infeksiyanın olmamasını göstərir. Hamiləliyin 22-24-cü həftəsində və doğuşdan əvvəl müayinəni təkrarlamaq olar.
  • IgM(+), IgG(-) olduqda birincili  infeksiya diaqnozu qoyulur. 2 həftə sonra IgG təkrar yoxlanılır. Təkrar IgG müsbət olduqda mülicə təyin olunur.
  •  IgM(+), IgG(+) olduqda IgM-in 3 aydan 2 ilədək müsbət qalmasını nəzərə alaraq yoluxmanın vaxtı avidliktesti ilə təyin olunur.
  • IgM(-), IgG(+) olması immunitetin mövcudluğunu göstərir. Müayinələrin davam edilməsinə və müalicəyə ehtiyac yoxdu.

Toksoplazmoz xəstəliyi necə müalicə edilir?

Hamiləlik zamanı baş verən toksoplazmozun müalicəsinin spiramisin ilə aparılması tövsüyə olunur. Qadın hamiləliyin III trimestrində və ya 18 həftəsindən yuxarı müddətdə yoluxarsa pirimetamin, sulfadiazin və spiramisin kombinasiyası ilə aparılması tövsüyə olunur.

Profilaktika

  • Qida tam bisirilməlidir.
  • Meyvə-tərəvəz diqqətlə yuyulub təmizlənməlidir.
  • Torpaq və qumla işlədikdə əlcək  geyinilməlidir.
  • Əllər təmiz yuyulmalıdır.
  • Hamiləliyin pozulmasına göstəriş
  • I trimestrdə anadangəlmə toksoplazmozun inkişafı riskinin az olmasına baxmayaraq, dölün ağır zədələnmələri ehtimalı hamiləliyin pozulmasına göstərişdir. Anada birincili infeksiya təyin olunduqda və dölün yoluxması təsdiqləndikdə (amniosentez və USM zamanı) hamiləliyin pozulması təklif olunur.
  • Təbii doğuşa və döşlə əmizdirməyə əks göstəriş yoxdur.

Dr. Naza Qurbanova

Mama ginekoloq

Həkimlə əlaqə saxlamaq və ya qəbula yazılmaq üçün aşağıda qeyd olunmuş telefon nömrəsinə zəng edə bilərsiniz.