Yumurtalıqların polikistoz sindromu

Yumurtalıqların polikistozu

Yumurtalıqların polikistoz sindromu nədir?

Yumurtalıqların polikistoz sindromu poliendokrinoloji sindrom olub yumurtalıqların funksiyasının pozulması ilə özünü biruzə verir. Hormonların ifrazının pozulması nəticəsində ovulyasiya prosesi pozulur, follikullar tam yetişmir, içərisinə maye dolur və kiçik kistalara çevrilir. Bu yaranmış kiçik çoxsaylı kistalar yumurtalığın səthində və daxilində yerləşərək yumurtalıqların ölçüsünü böyüdürlər. Polikistoz yumurtalıq sindromu qadınlarda ən çox görülən hormonal pozğunluqlar arasında ən üst yerdədir. Bu xəstəliyi həmçinin Şteyna-Leventel sindromu, hiperandrogenemiya və s. də adlandırırlar.

Bu sindromun yaranma səbəbi tam dəqiq öyrənilməmişdir. Heteroqen xəstəlikdir – menstrual tsiklin pozulması, xroniki anovulyasiya, hiperandrogeniya və yumurtalıqların kistoz dəyişikliyi ilə xarakterizə olunur. Əsasən reproduktiv yaşda olan qadınlarda rast gəlinir. Rast gəlməsinə görə 2 qrupa bölünür: Birincili və ikincili

Birincili və ya anadangəlmə formada yeniyetməlik dövründə menstrual tsiklin formalaşması ilə meydana çıxır.

İkincili – Xroniki anovulyasiya və orqanizmin hormonal balansının pozulması nəticəsində yaranır.

Əsasən böyrəküstü vəzin funksiyasının pozulması nəticəsində yaranan hiperandrogeniya olan qadınlarda yaranır.

Birincili polikistoz zamanı praktiki olaraq özbaşına hamiləlik baş vermir.İkincili polikistoz zamanı hamiləlik baş verə bilər.

Polikistoz Sindromu menstruasiyanın olmaması və ya uzun fasilələr düzənsiz menstruasiyanin olması ilə özünü biruzə verir. Bu zaman qanda androgen hormonunun artması ilə əlaqədar dəridə səpkilər, yağlanma, saç tökülməsi və tüklənmə, sonsuzluq kimi əlamətlər yaranır.

yumurtalıqların polikistozu

Yumurtalıqların polikistoz sindromu zamanı klinik əlamətlər

Yumurtalıqların polikistoz sindromu ovulyasiya prosesini pozduğu üçün və qanda androgenin səviyyəsinin artdığı üçün  buna uyğun əlamətlər yaranır. Ovulyasiya pozulduğuna görə menstruasiya qeyri-requlyar və ya menstruasiya bir müddət heç baş vermir. Qanda androgenin yüksək olması kişi tipli tüklənməyə, kökəlməyə, saç tökülməyə və səpkilərin yaranmasına səbəb olur. Bundan başqa insulin (şəkər) metabolizmasını da pozduğu üçün əsasən göbəkətrafı sahədə kilo artmasına gətirib çıxarır.

Ümumilikdə yumurtalıqların polikistoz sindromu zamanı yaranan əlamətlər:

  • İnsulinə qarşı dirənc
  • Kilo artması
  • Saç tökülməsi (alopesiya)
  • Tüklənmə (hirsutizm)
  • Səpkilər
  • Üz sahəsində yağlanma
  • İltihab
  • Qeyri-requlyar menstruasiya(oliqomenoreya,amenoreya)
  • Dəridə piqment ləkələrinin yaranması(akantoz)
  • Baş ağrıları
  • Sonsuzluq
  • Dəri büküşlərinin,dəri qırışlarının(akroxordon)yaranması
  • Depressiya

Yumurtalıqların polikistozu zamanı müayinə necə aparılır?

Polikistoz xəstəliyi endokrin pozğunluqlar arasında ən çox rast gəlinən xəstəliklərdəndir. Hər 10 qadından 1-də rast gəlinir. Çəkisi çox olan, menstruasiya pozğunluğu olan, üzündə səpkilər və dəridə yağlanma olan gənc qızlarda mütləq polikistoz sindromu araşdırılmalıdır. Menstrual pozğunluğu olan hər gənc  qadında polikistoz xəstəliyi olmaya da bilər. Gənc qızlarda ilk menstruasiya  başladığı illərdə menstruasiya qeyri-requlyar ola bilər. Reproduktiv funksiyanın normallaşmasından önəmli olan beyin və yumurtalıqlar arasındakı əlaqələr yeniyetməlik zamanı tam olaraq formalaşmadığından yaranan menstrual pozğunluqları normal qəbul edilir.

Yumurtalıqların polikistoz sindromunu endokrinoloji pozğunluq olduğundan hormonların müayinəsi bu diaqnozun qoyulmasında çox önəmlidir. Əsasən FSH və LH analizlərinə baxılır. Polikistoz zamanı menstruasiyanın 2-4cü günlərdə FSH/LH nisbəti 1:1-dən yuksək olur.

USM müayinə zamanı yumurtalıqların ölçüləri 1.5-3 dəfə böyüyür (kiçik, çoxlu kistlərin hesabına), xarici kapsulası qalınlaşmış, hamar mirvari ağı rəngdə  görünür. Bəzən endometriyanın hiperplaziyası baş verir(uzunmüddətli esterogen çoxluğuna görə).

Maqnit-rezonans tomoqrafiya da bəzən olunur. Bədxassəli törəməni inkar etmək üçün.

Yumurtalıqların polikistozu endir

Yumurtalıqların polikistozu necə müalicə olunur?

Konservativ və Cərrahi yolla müalicə olunur.

Konservativ müalicənin əsas prinsipləri:

  1. Metabolizmin normallaşdırılması və daxili sekresiya vəzlərin funksiyasının stabilləsdirilməsi.
  2. Endometriozun profilaktikası
  3. İnsulin rezistentliyin  və hormonal fonun normallaşdırılması
  4. Hiperandrogeniyanın klinik əlamətlərinin müalicəsi
  5. Ovulyasiyanın stimulyasiyası və menstrual tsiklin bərpası.
  6. Sonsuzluğun müalicəsi.

Konservativ müalicə zamanı metformin, qlitazonlar (pioqlitazon, roziqlitazon), antiandrogen preparatlar (siproteron asetat) esterogen (estradiol) progestin və aşağı dozada dekzametazon (böyrəküstü vəzdə sintez olunan androgeni zəiflətmək üçün) təyin olunur.

Cərrahi  üsul

Əgər konservativ müalicə effekt verməzsə cərrahıi üsulla müalicə olunur. Bu zaman yumurtalıqların dribling əməliyyatı, yumurtalıqların pazvari rezeksiyası, yumurtalıqların dekapsulyasiya əməliyyatları icra edilir. Lakin əməliyyatlar yumurtalıqların follikulyar ehtiyatını azaltdığı üçün geniş istifadə olunmur.

Dr. Naza Qurbanova

Mama ginekoloq

Həkimlə əlaqə saxlamaq və ya qəbula yazılmaq üçün aşağıda qeyd olunmuş telefon nömrəsinə zəng edə bilərsiniz.